Beynəlxalq Ticarət və Logistika

Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas yaradılma məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. Bu ildən əvəz etdiyi “Dünya İqtisadiyyatı” ixtisasının bir istiqamətidir və qeyd etdiyimiz kimi beynəlxalq marketin ticarət bölümünü öyrənir. “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür. Bir şirkət mallarını xaricə satırsa, orada məhz bu ixtisas sahibi ixracı idarə edir. Məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdırır, rəqiblərin qiymətlərini təhlil edir, istehlak xüsusiyyətlərinə və onun üçün maraqlandığı ölkədə malların keyfiyyətinə dair tələbləri öyrənir. Eyni zamanda bir logist funksiyasını yerinə yetirərək malların daşınmasını da təşkil edir. Məhsulları hansı nəqliyyatda və hansı marşrutda çatdırmaq üçün daha rahat olduğuna qərar verir. Bu ixtisas iqtisadiyyat, hüquq və xarici dillərlə maraqlananlara uyğundur.